Bakıda Əqli Mülkiyyət və İnnovasiya sərgisi açılıb
Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında I Respublika Əqli Mülkiyyət və İnnovasiya sərgisi açılıb.
APA TV-nin xəbərinə görə, sərgi Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, İqtisadiyyat və Sənaye Nazirliyi, Müəllif Hüquqları Agentliyi və AMEA-nın birgə təşkilatçılığı ilə keçirilir.
AMEA-nın institutları ilə yanaşı, Milli Aviasiya Akademiyası, “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti, Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutu, Yüksək Texnologiyalar Parkı, Sumqayıt Texnologiyalar Parkı, Müdafiə Sənayesi və Fövqəladə Hallar nazirlikləri, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, patent almış ixtiraçılar və digər sənaye sahələrində fəaliyyət göstərən özəl sektorun nümayəndələri özlərinin sərgi pavilyonları ilə təmsil olunur. Müdafiə Sənayesi Nazirliyi isə sərgidə bu dəfə mülki məhsullar stendini nümayiş etdirib. Nazirliyin mütəxəssisi Ərəb Yusifov deyib ki, nümayiş olunan ikitəyinatlı tırtıllar həm zirehli texnika, həm də traktor və ekskavatorlar üçün nəzərdə tutulub.
Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi isə ASAN -ödəniş layihəsini nümayiş etdirib.
"ASAN-xidmət"in texniki dəstək mütəxəssisi Dəyanət Manafovun sözlərinə görə, ASAN ödəniş terminalının digər ödəniş terminallarından fərqi ondadır ki, yol hərəkəti qaydaları və digər dövlət strukturlarına nəzərdə tutulan cərimələrin ödənişini nəzərdə tutur. Sırf cərimələr üçündür. Bundan əlavə ödənilən məbləğin qalığının geri qaytarılması da bu terminal vasitəsi ilə həyata keçirilir.
İki gün davam edəcək sərgi Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 12 mart tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında 2014-cü ilin “Sənaye ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”na uyğun keçirilir.