Səlim Müslümov: "Hamilə qadınlara və əlillərə işləmək üçün qadağa qoyula bilməz"
"Azərbaycanda yeni pensiya islahatları konsepsiyası ilə həyata keçiriləcək islahatlar nəticəsində baza hissədə struktur dəyişdiriləcək".
APA TV-nin xəbərinə görə, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib ki, vətəndaşın 12 il iş stajı varsa və pensiya yaşına çatıbsa, onun ilk növbədə baza hissəsinə hüququ yaranır: "Bu gün insanların ödədikləri sosial sığorta haqlarının yarısı onların fərdi hesablarına yığılır. Amma pensiya islahatları dəyişdikdən sonra onların tam məbləğdə ora yığılmasından söhbət gedəcək. Belə olan halda onlar pensiyaya çıxanda öz hesablarına yığdığı vəsaiti pensiyaları üçün istifadə edəcəklər. Ona görə də onun tez və ya gec pensiyaya çıxması vəsait baxımından heç nəyi dəyişməyəcək".
Nazir bildirib ki, hamilə qadınlara və əlillərə işləmək üçün heç bir qadağa qoyula bilməz. Qadınlarla kişilərin məşğulluq sahələrində bərabərliyinin təmin olunması üçün qadınlara olan qadağalar aradan qaldırılmalıdır: "Bu hüquq qadının özünə verilməlidir. Yəni onun hüququ var ki, hamiləlik öncəsi və ya sonrası 140 gündən istifadə etsin, sonra ilyarım, daha sonra yenidən ilyarım sosial məzuniyyətə çıxsın. Əvvəllər qadağan olunan işlərin siyahısı son dərəcə azaldılmalı və seçim hüququ qadının özünə verilməlidir".
Səlim Müslümov deyib ki, kimsəsizlər üçün tikilən yeni binalardan biri artıq hazırdır: "İnsanlar onlardan öz mənzilləri kimi istifadə edəcəklər. Sadəcə, həmin mənzillər onların mülkiyyət hüququna verilməyəcək, onlar bu evləri satmaq və ya bağışlamaq hüququna malik olmayacaqlar".
Ümumilikdə 360 nəfərlik məkanın yaradılması nəzərdə tutulur ki, bu da hər il özünə yaşayış yeri tapa bilməyən insanların məskunlaşması imkanı yaradacaq.