Bakıda “İnkişafın 10 ili: 2004-2014” adlı konfransa keçirilib
"Son 10 il ərzində Azərbaycan iqtisadiyyatı 3 dəfə artıb və dünya tarixində ikinci belə nümunə yoxdur".
APA TV-nin məlumatına görə, bu barədə “İnkişafın 10 ili: 2004-2014” adlı konfransda çıxışında YAP-ın sədr müavini-icra katibi, baş nazirin müavini Əli Əhmədov deyib. O, bu inkişafı 21-ci əsrin birinci onilliyinin iqtisadi möcüzəsi adlandırıb. Əli Əhmədov hər bir ölkənin inkişafının onun daxili potensialının artması ilə yanaşı beynəlxalq aləmdə nüfuzunun yüksəlməsi ilə də ifadə olunduğunu əlavə edib: "Keçmiş SSRİ ölkələrindən yalnız Azərbaycan dünyanın ən nüfuzlu təşkilatlarından olan BMT Təhlükəsizlik Şurasına üzv seçilə bilib. Bu fakt Azərbaycanın iqtisadi inkişafının, onun beynəlxalq aləmdə nüfuzuna nə dərəcədə təsir göstərdiyinin sübutudur. Eyni zamanda Azərbaycan regional müstəvidə regionun iqtisadi mənzərəsinə ciddi təsir edə bilən bir dövlət kimi adını müasir tariximizə yazıb".
Sənaye və iqtisadiyyat naziri Şahin Mustafayev bildirib ki, 2004-cü ildə Azərbaycan iqtisadiyyatı Cənubi Qafqaz iqtisadiyyatının 50 faizini təşkil edirdisə, bu gün ölkəmizin payı 78 faizi ötüb.
Energetika naziri Natiq Əliyev isə deyib ki, Azərbaycan ÜDM-in orta illik artım tempinə, yoxsulluğun aşağı düşməsi, işsizliyin kəskin azalması və islahatların aparılması səviyyəsinə görə qabaqcıl ölkələr sırasındadır. O neft sənayesinin inkişafının hələ də Azərbaycan iqtisadiyyatında böyük rola malik olduğunu qeyd edib.
Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov 10 ildə Azərbaycanın informasiya texnologiyaları sahəsində əldə etdiyi uğurlardan danışaraq, bütün ölkə ərazisinin 100 faiz rəqəmsal televiziya və radio verilişləri ilə əhatə olunduğunu deyib. Onun sözlərinə görə, Beynəlxalq Telekommunikasiya İttifaqının 2015-ci ilin sonuna kimi verdiyi tövsiyələri Azərbaycan 1 il öncədən başa vurub. Nazir 10 ilin uğurları arasında ötən il ilk dəfə orbitə çıxarılan Azərbaycan peykini və bu il buraxılan yer səthinin monitorinqi peykini xatırladıb: "Hər iki peyk olduqca böyük rentabelliyə malikdir. 90 faiz ixraca yönəlmiş xidmətlər verir. Ölkənin bir çox, o cümlədən təhlükəsizlik sahələrinə öz töhfələrini verməkdədir".
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov isə sosial-iqtisadi durumunun yüksək olmasının əhalinin artımına təkan verdiyini qeyd edib: "Azərbaycan əhalisi 1990-2013-cü illər ərzində 26 faiz, 2003-2013-cü illər ərzində isə 16 faiz artaraq təxminən 9,6 milyon nəfərə çatıb. 2020-ci ildə isə 10 milyonluq həddi keçmiş olacağıq".
Nazir bildirib ki, keçən il Azərbaycanda doğulan uşaqların sayı 172 min 761 nəfərə çatıb ki, bu da 2003-cü illə müqayisədə 52 faiz çoxdur.