Tahir Salahovun möhtəşəm "Qırmızı təkər"i
Stalin, Lenin, Soljenitsi, Nobel və bu insanlar birləşdirən represiya. Bütün bunlar kətan üzərində Tahir Salahovun əsərində bir araya gəlib. Nobel mükafatçısı, rus yazıçı Soljenitsinin partretini özünəməxsus ideyalar əsasında çəkən Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti, xalq rəssamı Tahir Salahov bu gün “Azər-İlmə” MMC-də tamaşaçılarla görüşüb. Rəssamın eskizləri əsasında toxunmuş “Qırmızı təkər” xalçası istedadlı rəssam Aynurə Əsədullayeva tərəfindən hazırlanıb.
APA TV-nin xəbərinə görə, bu əsər o dövrün rəmzlərinə uyğun olaraq qırmızı ulduzlar, oraq və çəkiclə əhatə olunub.
Tahir Salahov xalça haqqında bunları deyib: "Xalçada Soljenitsının həbsxanada yazdığı qeyd dəftərləri, təltif olunduğu Nobel mükafatının emblemi də öz əksini tapıb. Qara təsvirlə verilmiş ulduzlar isə repressiya dövründə söndürülmüş insan talelərinə işarədir. Bir zamanlar Soljenitsı öz iş otağında oturduğu zaman arxada başının üstündə Leninin şəkli olurdu. O, hər zaman bu şəklə baxıb öz romanlarını yazardı. Burada Soljenitsının həbsdə olduğu zaman üzərinə vurulan 262 rəqəmi də yazılıb".
Artıq 15 ilə yaxındır ki, Tahir Salahovun əsərləri xalça üzərinə köçürülür. Ölçüsü 2,24x3,1 metr olan yeni xalçada qəhvəyi və qırmızı, qara rənglərin müxtəlif çalarlarından istifadə edilib.
Aynurə Əsədullayeva deyib ki, xalça üzərində 7 ay iş gedib: "İlk öncə portretin eskizi çəkilib, rənglər seçilib. Daha sonra Tahir Salahovla birlikdə baxış keçirilib. Hər mərhələdə Tahir müəllim özü baxıb, məsləhətlərini verib. 5 qadın gecə və gündüz bu xalça üzərində iş aparıb və nəhayət 7 aydan sonra tamamlanıb".
Qeyd edək ki, “Qırmızı təkər” əsərini fırça ustası Aleksandr Soljenitsının anadan olmasının 95 illiyi münasibətilə yaratmışdı.