Bakıda qəzaya uğrayan avtomobil binaya çırpılıb
Gecə saatlarında Nəsimi rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin məlumatına görə, 25 yaşlı Elçin Cəfərov "Mercedes" markalı avtomobillə Ceyhun Hacıbəyli küçəsindən Vaqif küçəsi istiqamətinə doğru yüksək sürətlə hərəkətdə olarkən qəfil idarəetməni itirib. Nəticədə qarşıda dönmə əməliyyatını yerinə yetirən 25 yaşlı Elyar Ağayevə məxsus eyni markalı avtomaşına çırpılıb. Zərbənin təsirindən qarşıdakı avtomobil yoldan çıxaraq ərazidə yerləşən yaşayış binasına dəyib. Baş verən qəzada xəsarət alan olmasa da, hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib. Əraziyə Bakı şəhər Dövlət Yol Polisinin əməkdaşları gəliblər.
Avtomobillər evakuator vasitəsi ilə ərazidən uzaqlaşdırılıb.