Bakıda ilin ən yaxşı idmançıları və komandaları mükafatlandırıldı

Bakıda 2014-cü ilin idman yekunlarına həsr olunmuş təntənəli mərasim keçirilib. APA TV-nin məlumatına görə, tədbirdə dövlət və hökumət nümayəndələri, Azərbaycanı beynəlxalq idman yarışlarında layiqincə təmsil edən idmançılarımız və digər qonaqlar iştirak ediblər.

 

Tədbirdə 2014-cü ilin idman yekunlarına həsr olunmuş videoçarx nümayiş olunub.

 

Gənclər və idman naziri Azad Rəhimov bildirib ki, bu il ərzində idmançılarımız 805 medal qazanıblar: "Deyə bilərik ki, hər gün Azərbaycanın bayrağı hansısa ölkədə yüksəklərə qalxır. Qazanılan medallardan 275-i qızıl medal olub və bu da o deməkdir ki, bu il 275 dəfə dünyanın müxtəlif ölkələrində Azərbaycanın Dövlət himni səslənib və bayrağı yüksəyə qalxıb".

 

İlk Avropa Oyunlarının 2015-ci ildə Bakıda keçiriləcəyini xatırladan Azad Rəhimov bildirib ki, bu tədbir Azərbaycana böyük uğurlar gətirəcək, Bakının simasını dəyişəcək.

 

Daha sonra Azərbaycanın idman komandaları və idmançıları Gənclər və İdman Nazirliyi tərəfindən təltif edilib.

 

İlin ən yaxşı 10 idmançısı adına Hacı Əliyev, Mariya Stadnik, Yelena Vıstropova, Xetaq Qazyumov, Radik İsayev, Fərid Mayılov, Rəsul Çunayev, Elmar Qasımov, Marina Durunda və Eduard Məmmədov görülüblər.

 

İlin klubu adına "Qarabağ" futbol klubu, yığma komandası adına isə voleybolçu qadınlardan ibarət Azərbaycan millisi layiq görülüb.

 

Müəllif | Apa.Tv