Zaqatala zəlzələdən zərər çəkmiş daha bir uşaq bağçası yenidən tikilib
Zaqatala rayonunda 2012-ci ilin may ayında baş verən zəlzələdən zərər çəkmiş daha bir körpələr evi - uşaq bağçası yenidən tikilərək istifadəyə verilib.
APA TV-nin məlumatına görə, rayonda qəzalı vəziyyətə düşmüş 9 körpələr evi-uşaq bağçasının yenidən tikilməsi ilə bağlı Nazirlər Kabinetinin xüsusi sərəncamı əsasında şəhər 2 saylı körpələr evi-uşaq bağçası yenidən tikilib. Açılış mərasimində rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri və bağça kollektivləri iştirak edib. 2013-cü ilin noyabr ayında tikintisinə başlanılan bina 2 mərtəbəli olmaqla ümumilikdə 37 otaqdan ibarətdir. 1200 kv/m tikinti sahəsini əhatə edən 3 qruplu 50 yerlik bağçada tibb otağı, kompüter otağı, musiqi zalı, 3 yataq otağı metodiki kabinet, 3 oyun otağı, 2 anbar və mətbəx körpələrin xidmətinə verilib. Bina müasir istilik sistemi ilə təchiz olunub, həyəti abadlaşdırılıb, daimi su təminatı üçün 2 ədəd 50 kubmetrlik su anbarı, qazanxana və nasosxana tikilib.