“Azərneftyağ”ın fəaliyyətinə xitam verildi

Azərbaycan Dövlət Neft Şirkətinin “Azərneftyağ” neft emalı zavodunun fəaliyyətinə xitam verilib. Zavod Heydər Əliyev adına Bakı Neft Emalı Zavoduna (NEZ) qoşulub. APA TV-nin xəbərinə görə, bunu SOCAR-ın kadr, rejim və texnologiyalar üzrə vitse-prezidenti Xalik Məmmədov bildirib. Onun sözlərinə görə, NEZ-lərin fəaliyyəti zamanı təkrarlanan bəzi biznes prosesləri əlavə xərclər tələb etdir ki, bu da öz növbəsində iqtisadi cəhətdən qeyri-səmərəli hesab olunur. Bu qərar məhz buna görə qəbul edilib.

“Azərneftyağ” neft emalı zavodunun fəaliyyətinə xitam verilməsindən sonra orada çalışan işçilərin işsiz qalacaqları fikirinə gəlincə SOCAR rəsmisi deyir ki, həmin şəxslər işlə təmin ediləcəklər: "Həmin zavodun istehsalat qurğuları və istehsal sahələri Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun tərkibində fəaliyyət göstərəcək və orada çalışanlar BNEZ-də fəaliyyətini davam etdirəcək. Lakin yeni qurumda bəzi rəhbər işçilərin çalışmasının mümkünsüzlüyü də istisna edilmir. Onlara da ixtisaslarına uyğun iş təklif olunacaq. Hazırda Heydər Əliyev adına Neft Emalı Zavodunun rəhbər vəzifəsində 198 nəfər çalışır. Elə bir o qədər mütəxəssis də “Azərneftyağ” zavodunda rəhbər vəzifə tutur. Ümumilikdə isə Heydər Əliyev adına Bakı Neft Emalı zavodunda 2300, “Azərneftyağ” zavodunda isə 2100 nəfər çalışır".

 

Qeyd edək ki, SOCAR-ın 24 dekabr 2014-cü il tarixli əmri ilə “Azərneftyağ” neft emalı zavodunun 1 yanvar 2015-ci il tarixdən Heydər Əliyev adına Bakı Neft Emalı Zavoduna qoşulmaqla fəaliyyətinə xitam verilməsi qərara alınıb.

Müəllif | Apa.Tv