Milli Məclisin Aqrar siyasət komitəsinin iclası keçirilib
Uzun müddətdir, müzakirəsi ləngiyən “Kənd təsərrüfatı informasiya-məsləhət xidməti haqqında” qanun layihəsi Milli Məclisin Aqrar Siyasət Komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. APA TV-nin xəbərinə görə, komitə sədri Eldar İbrahimovun sədrliyi ilə keçən iclasda bildirilib ki, ölkədə kənd təsərrüfatında informasiya-məsləhət xidmətinin tətbiqinə böyük ehtiyac var və sözügedən qanun layihəsi bu məsələni həll edir.
Komitə sədri qeyd edib ki, SSRİ dövründə mərkəzləşdirilmiş təsərrüfat sistemi mövcud olub, lakin hazırda kənd təsərrüfatında çalışanlar fərdi sahibkar kimi çıxış edirlər və onların arasında əlaqələr yaradılmalıdır ki, biri-biri ilə məlumat mübadiləsi aparsın, kənd təsərrüfatı sahəsindəki durumdan xəbərdar olsunlar.
Yeni qanun layihəsi kənd təsərrüfatı informasiya-məsləhət xidməti ilə məhsul istehsalçıları, dövlət və yerli özünüidarə orqanları, digər fiziki və hüquqi şəxslər arasında münasibətləri tənzimləyir. Qanun layihəsində yerli və beynəlxalq investorların da kənd təsərrüfatı sahəsinə sərmayə qoyuluşunu tənzimləyən maddələr mövcuddur.
Layihənin növbəti sessiyada müzakirəyə çıxarılması qərara alınıb.