Magistr və doktorantlara hərbi xidmətdən möhlət hüququ verilə bilər

Azərbaycanda magistr və doktorantlara həqiqi hərbi xidmətdən möhlət hüququnun verilməsi təklif edilir. APA TV-nin xəbərinə görə, bu məsələ Milli Məclisin Elm və təhsil komitəsinin və digər komitələrin birgə iclasında müzakirəyə çıxarılan yeni “Elm haqqında” qanun layihəsində əksini tapıb. Elm və Təhsil Komitəsinin sədri, millət vəkili Şəmsəddin Hacıyev bildirib ki, layihədə gənc alimləri stimullaşdırmaq məqsədi ilə onlara sosial güzəştlərin verilməsi nəzərdə tutulub: "Elm adamlarının elmi səviyyəsini müəyyən etmək məqsədi ilə hər 5 ildən bir attestasiyadan keçməsi nəzərdə tutulur. Hər hansı bir şəxs attestasiyanın qərarından narazı olduğu təqdirdə, məhkəməyə müraciət edə bilər. Həmin şəxs və attestasiya qərarını dəyişmək ancaq məhkəmənin səlahiyyətinə aiddir”.

 

Millət vəkili Qüdrət Həsənquliyev bidirib ki, qanunda elmi adların verilməsində problemlər var: "Elmi dərəcəsi olmayan şəxslərə müvafiq elmi vəzifələrin verilməsi düzgün deyil, onlar da müsabiqə vasitəsilə müvafiq elmi vəzifəyə təyin olunmalıdırlar".

 

Millət vəkili Abel Məhərrəmov  hərbi xidmətdən möhlət hüququnun verilməsini münasibət bildirib: “Bu, çox vacib məqamdır. Oğlanlar hərbi xidmətə gedir. Qızlar isə magistratura, doktoranturanı bitirdikdən sonra ailə həyatı qururlar”.

 

Qeyd edək ki, magistr və doktorantlara həqiqi hərbi xidmətdən möhlət hüququnun verilməsi məsələsi bir neçə dəfə Milli Məclisdə qaldırılsa da, bu məsələ qanunvericiliyə daxil edilməyib.

 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı