Jurnalitlər 6 nömrəli xüsusi internat məktəbində olublar

Təhsil Nazirliyinin təşkilatçılığı ilə sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli Respublika xüsusi internat məktəbində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə şənlik keçirilib. Tədbirdə Təhsil Nazirliyinin Heydər Əliyev Fondunun, Xəzər Rayon İcra hakimiyyətinin nümayəndələri, jurnalistlər iştirak ediblər.

 

APA TV-nin xəbərinə görə, şənlikdə şagirdlərin hazırladıqları ədəbi-bədii kompozisiya nümayiş olunub.

 

Məktəbinin direktoru Balamirzə Zeynalov bildirib ki, təhsil müəssisəsi 1979-cu ildə fəaliyyətə başlayıb: "Bu il məktəbin binası Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir olunaraq, yeni tədris ilində istifadəyə verilib. Məktəb Heydər Əliyev Fondu və Təhsil Nazirliyi tərəfindən yeni məktəb ləvazimatları, inventar, fənn kabinetləri üçün avadanlıqlar və laboratoriyalarla, məktəbli forması,  geyim əşyaları və dərsliklərlə təmin edilib. Hazırda məktəbdə nitq qüsurlu olan 173 uşaq təlim-tərbiyə alır.  Müəssisədəki uşaqların təlim-tərbiyəsi ilə 96 nəfərdən ibarət pedaqoji heyət məşğul olur".

 

Daha sonra jurnalistlər fənn kabinetlərinə, emalatxanalara baxıb, şagirdlər üçün yaradılmış tədris və məişət şəraiti ilə tanış olublar.

 

Sonda Təhsil Nazirli və Heydər Əliyev Fondu tərəfindən internat məktəbinin şagirdlərinə hədiyyələr təqdim olunub.

 

Müəllif | Apa.Tv
Almaz Qasımova