Prezident İlham Əliyev “Yasamal” parkının açılışına qatılıb

Azərbaycan prezidenti İlham Əliyev dekabrın 25-də Bakıda “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin “+82 Qərb” su anbarının ərazisində yeni salınan “Yasamal” parkının açılışında iştirak edib.

 

“Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov parkın tikintisi ilə bağlı dövlət başçısına məlumat verib. Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, əhalinin istirahətinin təmin edilməsi və abadlıq-yaşıllıq işlərinin aparılması məqsədilə “Azərsu” ASC-nin “+82 Qərb” su anbarının ərazisində, Yasamal rayonunun Akim Abbasov və Zahid Xəlilov küçələrinin kəsişməsində yeni istirahət parkı salınıb. Park salınarkən su anbarlarının təhlükəsizliyi üçün əvvəlcədən bütün texniki tədbirlər görülüb. Xüsusi dizayn əsasında layihələndirilən parkın inşasına bu ilin əvvəllərində başlanılıb və bir ildən də az müddətə başa çatdırılıb.

 

Layihə çərçivəsində su anbarının giriş və çıxış hissələri də abadlaşdırılıb, seyrəngahlar yaradılıb. Parkın salınması zamanı milli memarlıq üslubu ilə müasirlik tam uzlaşdırılıb, istirahət məkanı orijinal elementlər və formalarla zənginləşdirilib. Həmçinin parkın ərazisində müxtəlif fəvvarələr, süni şəlalələr və xüsusi dizaynla hazırlanmış bulaqlar quraşdırılıb.

 

Prezident İlham Əliyev “+82 Qərb” su anbarları kompleksinin 3-cü, 4-cü və 5-ci anbarları ilə də tanış olub.

Müəllif | Apa.Tv
Apa.tv