DSX: Xaricdə münaqişə zonalarında döyüşmüş 30 Azərbaycan vətəndaşı saxlanılıb

Bu il sərhəddə qanunsuz miqrasiya ilə məşğul olan 4 qrup, qaçaqmalçılıqla məşğul olan 15 mütəşəkkil dəstə zərərsizləşdirilib.


APA TV-nin xəbərinə görə, bu barədə Dövlət Sərhəd Xidmətində (DSX) 2014-cü ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat müşavirəsində məlumat verilib.

 

Hesabat dövründə sərhəd pozucuları tərəfindən sərhəd naryadlarına qarşı 3 halda odlu silahdan istifadə olunub. Sərhəd naryadları tərəfindən sərhəd pozucularına qarşı təlimata uyğun silahın tətbiqi zamanı 2 İran vətəndaşı vəfat edib, DSX-nin 1 zabiti yaralanıb.

 

İl ərzində 2553 nəfər axtarışda olan şəxs tutulub, 272 nəfər saxta, 42 nəfər özgəsinin sənədi ilə və 10 nəfər gizli şəkildə sərhəd nəzarəti məntəqələrindən keçməyə cəhd edərkən saxlanılıb.

 

2014-cü il ərzində 9 milyon 406 min manat dəyərində qaçaqmal tutulub, 317 kq 715 qram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb. 26,7 ton yabanı halda bitmiş narkotik tərkibli bitki məhv edilib.

 

Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyəti məqsədilə xarici xüsusi xidmət orqanları ilə əlaqədə şübhəli bilinən 7 Azərbaycan, 2 əcnəbi vətəndaş, məxfi əməkdaşlığa cəlb olunmuş 1 Azərbaycan vətəndaşı barədə müvafiq tədbirlər görülüb. Terrorçuluğa qarşı mübarizə çərçivəsində xaricdə münaqişə zonalarında döyüşmüş 30 Azərbaycan vətəndaşı saxlanılıb.

 

Xəzər dənizində sərhəd rejiminə nəzarət məqsədilə Azərbaycana məxsus 53, Rusiyaya məxsus 28, İrana məxsus 8, Qazaxıstana məxsus 3 gəmiyə, Azərbaycana məxsus 404 kiçik həcmli üzmə vasitəsinə baxış keçirilib. Hesabat dövründə DSX Sahil Mühafizəsi tərəfindən 2 halda dənizdə xilasetmə əməliyyatları keçirilib, 5 nəfər vətəndaş xilas edilib. 

Müəllif | Apa.Tv
Apa.tv