Ermənilərin yalanlarını ifşa edən yeni texnologiya təqdim olunub
Bu gün Bakıda AZER-GLOBE İctimai-siyasi Tədqiqatlar İnstitutu yanında Qafqaz Tarixi Mərkəzinin ermənilərin azərbaycanlıların və regionun qonşu xalqlarının mədəni irsinə iddialarının qarşısını almağa və bu iddiaların elmi üsulla əsassız olduğunu sübut etməyə imkan verən yeni texnologiya layihəsinin təqdimatı keçirilib.
Təqdimatda iştirak edən Prezident Administrasiyasının (PA) İctimai-siyasi məsələlər şöbəsinin Siyasi araşdırmalar və analitik təhlil sektorunun müdiri Fuad Axundov bildirib ki, yeni texnologiya vasitəsilə hər hansı mədəni nümunənin hansı millətə, o cümlədən nə dərəcədə ermənilərə aid olduğunu çox sadə bir üsulla yoxlamaq olacaq.
Yeni texnologiyanın iş prinsipindən danışan F. Axundov bildirib ki, artıq sistem vasitəsi ilə hər hansı söz erməni lüğətinə salınacaq və söz bu lüğətdə tapılmasa, türk millətlərinin lüğətlərində axtarılacaq və burada tapılsa, deməli bu sözü ermənilər yerli millətdən götürüblər.“Ermənilər lavaşın onlara məxsus olduğunu iddia edirlər, lakin erməni lüğətlərində nə lavaş, nə də tütəyə aid nəsə var. Əgər ermənilər qədimdə lavaş yeyiblərsə, bu söz onların lüğətində olmalı idi. Ermənilər gürcülərdən də xaçapurini götürüblər. Ümumiyyətlə, ermənilər vaxtilə İranın Marağa vilayətindən indiki Ermənistan ərazisinə köçürülməyə başlayandan sonra qonşu xalqlara və millətlərə məxsus maddi-mənəvi dəyərləri mənimsəməyə başlayıdılar”.
Yeni lüğət Gürcüstana və müxtəlif millətlərə veriləcək, habelə UNESCO-ya təqdim olunacaq.