2015-ci ilin qeyri-iş günlərinin sayı açıqlandı
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) mülkiyyət və təşkilatı-hüquqi formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda Əmək Məcəlləsinin tələblərinə uyğun şəkildə işçilərin iş vaxtı normasının düzgün hesablanması və tətbiq edilməsi məqsədilə 2015-ci ilin İstehsalat təqvimi və İş vaxtı normasını hazırlayaraq təsdiqləyib. APA TV-nin məlumatına görə, sənədə əsasən, 2015-ci ildə həftələrarası istirahət günlərinin iş günləri hesab olunmayan bayram günləri ilə üst-üstə düşməsi ilə əlaqədar olaraq beşgünlük iş həftəsində 9, 25, 26 mart, 11 may, 20 iyul, altıgünlük iş həftəsində isə 9 və 25 mart tarixləri istirahət günləridir. 2015-ci ilin fevral ayı 28 təqvim günündən, il isə 365 təqvim günündən ibarətdir. Gələn il beşgünlük iş həftəsində 242 iş günü, iş günü hesab edilməyən 109 istirahət günü və 1 ümumxalq hüzn günü var.
Əmək Məcəlləsinə əsasən, Azərbaycanda gündəlik normal iş vaxtının müddəti 8 saatdan artıq ola bilməz və bir qayda olaraq, iki istirahət günü olan beşgünlük iş həftəsi müəyyən edilir. Gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti isə 40 saatdan artıq ola bilməz. 2015-ci ilin iş vaxtı norması 40 saatlıq beşgünlük iş həftəsi üzrə 8 saatlıq iş günü hesabından müəyyən edilir. Bu zaman iş günü hesab edilməyən bayramqabağı, səsvermə, habelə Ümumxalq hüzn günü qabağı iş günlərində həftəlik iş günlərinin müddəti bir saat qısaldılır. Əmək Məcəlləsinə əsasən, altıgünlük iş həftəsi tətbiq edilərkən həftəlik norma 40 saat olduqda gündəlik iş vaxtının müddəti 7 saatdan və bilavasitə sonrakı gün istirahət günü olan iş gününün müddəti isə 6 saatdan çox ola bilməz.