Bakıda qəza törədən sürücü hadisə yerindən qaçıb

Bakının Binəqədi rayonunda yol qəzası baş verib, sürücü hadisə yerindən qaçıb. APA TV-nin məlumatına görə, hadisə Lökbatan-Xocahəsən yolunda qeydə alınıb. Xocahəsən qəsəbəsindən Lökbatan qəsəbəsi istiqamətində hərəkətdə olan "Volkswagen" markalı avtomobilin sürücüsü idarəetməni itirib. Sürətlə hərəkət edən minik avtomobili "Shacman" markalı yük maşınına çırpılıb. "Volkswagen"in sürücüsü toqquşmadan sonra maşını saxlamayıb və hərəkəti davam etdirib. Lakin avtomolin sağ təkəri oxundan çıxıb. Sürücü bundan xəbər tutduqdan sonra avtomaşını saxlamaq istəsə də, buna nail ola bilməyib. Nəticədə maşın yolun kənarındakı yarğana düşüb. Sürücü isə deformasiyaya uğrayan avtomobili orada qoyaraq hadisə yerindən qaçıb.

 

Qeyd edək ki, qəzaya uğrayan "Volkswagen" taksi fəaliyyəti ilə məşğul olub. Faktla bağlı araşdırma aparılır. İlkin ehtimala görə, sürücü ya sərxoş olduğundan, ya da avtomobili sənədsiz idarə etdiyindən hadisə yerindən qaçmağa üstünlük verib.
 

Müəllif | Apa.Tv