İraq İŞİD-lə mübarizədə Türkiyədən hərbi dəstək istədi
İraqın baş naziri Heydər əl-İbadi Türkiyəyə səfəri zamanı rəsmi Ankaradan İŞİD terror təşkilatına qarşı mübarizədə dəstək istəyib. APA TV-nin məlumatına görə, İraqın baş naziri bu istəyini türkiyəli həmkarı Əhməd Davudoğlu ilə görüşdə səsləndirib. İndiyədək İraq və Türkiyə arasında bağlı qapılar arasında məsləhətləşmələrin aparıldığı iddia edilsə də, İraqın baş naziri belə danışıqların mövcudluğunu jurnalistlərin qarşısında ilk dəfə elan edib. Heydər əl-İbadinin sözlərinə görə, İŞİD təkcə İraq və Türkiyə üçün yox, bütün region üçün təhlükədir. O, İŞİD-ə qarşı əməkdaşlığın vacibliyini vurğulayıb.
Rəsmi Ankaranın cavabı özünü çox gözlətməyib. Türkiyənin baş naziri Əhməd Davudoğlu bəyan edib ki, Türkiyə İraqın təhlükəsizliyi üçün hər cür dəstəyə hazırdır.
İraqın baş naziri Heydər əL-İbadi isə bildirib ki, Türkiyə ilə əməkdaşlıq kəşfiyyat məlumatlarının mübadiləsi, əsgərlərin hazırlanması və təlimi, silah-sursat təminatı və digər sahələri əhatə edə bilər.