Avropada məscidlərə hücum edilib

İki Avropa ölkəsində məscidlərə hücum olub. İsveçin Eskilstuna şəhərində naməlum şəxs məsciddə yanğın törədib. İnsident İsveçdə miqrasiya ilə bağlı gərgin diskussiyalar fonunda baş verib. 

 

APA TV-nin xəbərinə görə, hadisənin baş verdiyi məscidin yaşayış binasının birinci mərtəbəsində yerləşdiyi bildirilir. Yanğın baş verən vaxt məsciddə 20-yə qədər dindar olub. Hadisə şahidləri bildiriblər ki, naməlum şəxs yandırıcı maye ilə dolu şüşəni pəncərədən içəri atıb. Bundan dərhal sonra yanğın başlayıb. Hadisə nəticəsində 5 nəfər yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

 

Avstriyanın paytaxtı Vyanada isə məscidin qapısına donuz orqanları qoyulub. Namaz üçün məscidə gələnlər vəziyyəti görən kimi polisə xəbər veriblər.

 

Qeyd edək ki, Vyanada məscidlərə hücumlar tez-tez baş verir. Ramazan bayramında da naməlum şəxslər Vyanadakı İmam Xətib liseyinin qapısından beş donuz başı asmışdı.

 

Müəllif | Apa.Tv