Bakı sakinini döyərək, pulunu alan soyğunçu tutulub
Bakıda paytaxt sakinini döyərək, 4 min manatını və sənədlərini almaqda təqsirləndirilən şəxs yaxalanıb. Asif İbrahimzadə Sabunçu rayon Polis İdarəsinin (RPİ) 12-ci polis bölməsinə müraciət edərək, hücuma məruz qaldığını bildirib. Hadisə Sabunçu qəsəbəsi, Əhməd Cavad küçəsindəki kafelərdən birinin qarşısında baş verib.
APA TV-nin xəbərinə görə, keçirilən əməliyyat tədbirləri ilə hadisəni törədən şəxsin Ağcabədi rayon sakini, 20 yaşlı Təbriz Həsənov olması müəyyən edilib.
Saxlanılan şəxs deyib ki, əvvəlcə Asif İbrahimzadənin sözlərinə fikir verməyib və kafeyə daxil olub. Lakin zərərçəkmiş kafedə onu yenidən söyərək təhqir edib: "Söyüş söydüyü üçün vurdum, pulunu almamışam, mənə şər atır".
Faktla bağlı Cinayət Məcəlləsinin soyğunçuluq maddəsi ilə cinayət işi başlanıb.