Nazir Kəmaləddin Heydərov Şamaxıda qəbul keçirib

Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşları qəbul edir, onların qarşılaşdıqları problemlərin həllinə kömək göstərirlər. APA TV-nin yerli bürosunun xəbərinə görə, növbəti belə qəbul dekabrın 26-da Şamaxı Olimpiya İdman Kompleksində keçirilib. Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Şamaxı, Qəbələ, İsmayıllı, Ağsu və Qobustan rayonlarından olan sakinləri, habelə həmin rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünləri qəbul edərək onların müraciətlərinə baxıb. Nazirliyin müvafiq struktur rəhbərlərinin, rayonların fövqəladə hallar komissiyaları sədrlərinin iştirakı ilə keçirilən qəbul zamanı müraciətlərin əksəriyyəti işə qəbul, qəzalı vəziyyətdəki evlərin təmiri və digər məsələlərlə bağlı olub. Fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən qəbul edilən 23 vətəndaşın müraciətlərinin bir çoxu yerindəcə həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib. Bundan başqa, kadr məsələləri ilə bağlı 68, digər məsələlərlə bağlı müraciət etmiş 152 vətəndaş nazir müavinləri, nazirliyin müvafiq baş idarə və qurum rəhbərləri tərəfindən qəbul olunub. Qəbulda nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Müəllif | Apa.Tv
Elvin Yaqubov