"Elektron təhsil" müsabiqəsinin qalibləri mükafatlandırılıb

Təhsil Nazirliyinin keçirdiyi V "Elektron təhsil" respublika müsabiqəsinin qalibləri mükafatlandırılıb. APA Tv-nin xəbərinə görə, tədbirdə iştirak edən təhsil nazirinin müavini Ceyhun Bayramov bildirib ki, müsabiqənin keçirilməsində məqsəd elektron tədris resurslarının, internet texnologiyalarının tədris prosesinə tətbiqini gücləndirmək, tədris məqsədləri üçün internetdən istifadənin yeni üsullarını öyrənmək və tədris prosesində informasiya texnologiyalarından fəal istifadə edən müəllimləri həvəsləndirməkdən ibarətdir. Onun sözlərinə görə, müsabiqəyə ümumilikdə 1104 layihə təqdim olunub: "Müsabiqənin rəsmi internet səhifəsində qeydiyyatdan keçən 700 minə yaxın müəllim, 2000 minə yaxın  tələbə, 5000 minə yaxın  şagird və 638 valideyn layihələrin onlayn müzakirəsində iştirak edib".

 

Müsabiqə 3 istiqamət və 7 nominasiya üzrə təşkil olunub. Yüksək bal toplayan namizədlər Təşkilat Komitəsi qarşısında öz işlərini nümayiş etdiriblər. Son nəticədə 21 nəfər qalib elan olunub. 47 nəfərin işi isə fərqlənib. Qaliblərə diplomlar, noutbuklar, planşetlər, printerlər və digər xüsusi mükafatlar təqdim olunub. Fərqlənən iştirakçılara isə müxtəlif hədiyyələr verilib. 

 

Nazir müavini bildirib ki, gənclərin sosial şəbəkələrə olan marağını nəzərə alaraq I sinif adlı portal yaradılıb. Bunu təhsil facebooku adlandırmaq olar. Bu portal sırf təhsil məqsədləri üçün nəzərdə tutulub.

 

Müəllif | Apa.Tv
Almaz Qasımova