DSMF Salyanda “Açıq qapı günü” keçirib

Dövlət Sosial Müdafiə Fondu (DSMF) Salyanda regional “Açıq qapı günü”- vətəndaş forumu keçirib. Regional forum “Açıq hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”na uyğun olaraq keçirilib.  

 

APA TV-nin xəbərinə görə, Heydər Əliyev mərkəzində keçirilən regional forumda Salyan, Neftçala, Biləsuvar, Hacıqabul rayonlarından və Şirvan şəhərindən olan sığorta ödəyiciləri və pensiyaçılar iştirak edib. Forumda qeyd edilib ki, “Elektron hökumət” portalının statistikasına əsasən DSMF-nin elektron xidmətləri ən çox istifadə olunan xidmətlər sırasında ilk yerləri tutur.

 

DSMF-nin Pensiya sənədləri və müraciətlərlə iş şöbəsinin müdiri Famil Qədimov deyib ki, tədbirdə əsas məqsəd sığorta-pensiya sistemi iştirakçılarının maarifləndirilməsi, bu seqmentə aid olan məsələlər onların nəzərinə çatdırılmasından ibarətdir. 

 

DSMF-nin şöbə müdirinin müavini Rüfət Oruclı isə bildirib ki, hesabatların elektron qaydada təqdim edilməsini nəzərdə tutan “Elektron hesabat” xidməti isə DSMF-nin sığortaedənlər tərəfindən ən fəal istifadə olunan elektron xidmət növlərindən biridir.

 

2014-cü il dekabr ayının 1-nə olan statistikaya əsasən, DSMF tərəfindən əlavə olaraq 250 min sığortaolunana fərdi şəxsi hesab açılıb. İlin əvvəli ilə müqayisədə DSMF-nin  fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayı 9,29 faiz artıb. Bununla da Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 3 milyona yaxınlaşır.

 

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı