Mübariz Qurbanlı: "Radikal qruplar İslamı dağıtmaq istəyənlərin törəmələridir”
“İslamı dəyərlər adı altında içimizə soxulmaq istəyən radikal qruplar var. Bunların İslamla heç bir əlaqəsi yoxdur. Onlar beynəlxalq miqyasda İslamı içəridən dağıtmaq, qan tökmək, dinlərarası mübarizə, qarşıdurma yaratmaq istəyənlərin törəmələridir. Təəssüf ki, bu qrupların fəaliyyətini Azərbaycanda da yaymaq istəyənlər var”.
Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı “Azərbaycan Dəmir Yolları” QSC-də keçirilən “Milli-mənəvi dəyərlər və müasirlik” adlı konfransda bildirib. Komitə sədrinin sözlərinə görə, çox insan nadanlığın, bilməməzliyin qurbanı olur, onlara qoşulur: “Azərbaycanda milli-mənəvi dəyərlər həmişə diqqət mərkəzində olub. Bütün dinlərə hörmət göstərilib, qarşılıqlı münasibətlər yüksək səviyyədə olub. Milli-mənəvi dəyərlərin tərkib hissəsi olan İslami dəyərlərə isə xüsusilə hörmətlə yanaşılıb. Azərbaycanda İslama verilən dəyər o qədər böyükdür ki, heç bu dinin aparıcı olduğu ölkələrdə İslama bu qədər dəyər verilmir”.
Komitə sədri qeyd edib ki, Azərbaycanda əhalinin 96 faizinin müsəlman olmasına baxmayaraq, ölkədə digər dinlərin mövcudluğuna heç bir maneə yoxdur. O, Qərb dövlətlərində bəzi eybəcərliklərin adiləşməsi, xüsusən də eyni cinsdən olan insanların evlənməsi kimi məsələlərə də diqqət çəkib: "Bu addımlar cəmiyyətin artıq tənəzzülə uğradığının göstəricisidir. Kənar ideya, kənar adətlərin cəmiyyətə nüfuz etməsi isə onun məhvinə gətirib çıxara bilər. Kənar adət-ənənələrə milli adət-ənənələrimizin nüvəsinə girməyə imkan versək, özəyə daxil olan əsas element kənar ideya, kənar adət bizim adəti dağıdacaq. Onun yerinə özününkünü gətirəcək. Bunun içində milli mədəniyyət, milli mənəviyyat çökəcək, onun daşıyıcısı olan dil də tənəzzülə uğrayacaq, aradan qalxacaq. Bununla da millət tədricən deformasiyaya uğrayacaq, başqa bir millətin içində əriyib assimilyasiyaya məruz qalacaq. Bizim milli adət-ənənələrə müdaxilələr çox istiqamətlərdən gəlir. Onların arasında din amili də var".
Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Azərbaycan Dəmir Yolları” QSC-də “Milli mənəvi dəyərlər və müasirlik” mövzusunda konfrans keçirilib .