Dövlət Komitəsi: Nurçuluğun Azərbaycanda iki qanadı var

"Azərbaycanda nurçuluğun 2 qanadı var. Bunlardan biri “dərsxana nurçuluğu”, digəri isə onlardan ayrılmış “müasir nuçuluq”dur".

 

APA TV-nin xəbərinə görə, bunu Dini Qurumlarıla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov bu gün “Azərbaycan Dəmir Yolları” QSC-də keçirilən “Milli-mənəvi dəyərlər və müasirlik” mövzusunda keçirilmiş konfransdakı çıxışında deyib: "Azərbaycanda əsasən bölgələrdə daha çox fəaliyyət göstərən “dərsxana nurçuluğu”dur. Onlara görə, dini izah eləməmişdən, hətta Qurandan öncə risalələri oxumaq lazımdır. Onların fikrincə, yalnız bu risalələri oxumaqla Quranı başa düşmək olar. Bunların “müasir nurçuluq” qanadından fərqi odur ki, siyasətə qarışmırlar. Ancaq təhsilə, dinlə bağlı təbliğata önəm verirlər. “Müasir nurçuluq” qanadında isə siyasi proseslərə müdaxilə var. Məsələn, seçkilərdə kollektiv şəkildə iştirak edirlər. Rəhbərlərinin mövqeyini nəzərə alaraq siyasi proseslərə qatılırlar”.

 

Gündüz  İsmayılov nurçuluğun Azərbaycanda hansı məqamlarda təhlükəli olub-olmaması, cəmiyyət üçün qəbul olunmayan tərəflərindən da danışıb: “Bilirsiniz, Azərbaycanı birləşdirən dəyərlər var. Məsələn, 20 Yanvar faciəsini, Novruz bayramını, 28 May gününü, Qurtuluş gününü, 26 İyun gününü, 31 Dekabr gününü, Şah İsmayıl Xətaini, Dədə Qorqudu və s. qəbul etməyənə necə azərbaycanlı demək olar? Bunları qəbul etməyənin bir amerikandan, ingilisdən, ərəbdən fərqi varmı? Əlbəttə yoxdur”.

 

Sədr müavininin sözlərinə görə, din ölkədə elə yayılmalıdır ki, qanunlar pozulmasın, həqiqi dini dəyərlər yayılsın və milli-mənəvi dəyərlərə əks əməllər olmasın.

 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı