Azərbaycanın dəmir yolunda sərnişindaşıma tarifləri dəyişməyəcək - RƏSMİ
"Bakıdan Gürcüstan sərhədinə qədər dəmir yolunda aparılan işlər 2018-ci ildə başa çatdırılacaq. Bu işlər bitdikdən sonra ölkənin qərb istiqamətində qatarların sürəti saatda 140 km-ə çatdırılacaq".
APA TV-nin xəbərinə görə, bunu jurnalistlərə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədrinin I müavini Qurban Nəzərov deyib. Onun sözlərinə görə, QSC İsveçrədən əlavə olaraq 30 vaqon alacaq. Paralel olaraq, köhnə vaqonlar Ukrayna və Rusiyada təmir olunacaq. Sədr müavini deyib ki, bayram günlərində qurum gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək: "Dekabrın 29-dan etibarən bütün istiqamətlərdə sərnişindaşımaya olan tələbatı nəzərə alaraq, müəyyən tədbirlər görülüb. Bu, həm müvəqqəti yeni qatarların təyin edilməsi, eyni zamanda, qatarlarda vaqonların sayının artırılması ilə əlaqədardır. Bu gün xüsusi tələbat Bakı-Tbilisi istiqamətinədir. Belə ki, dekabrın 29-da Bakıdan Tbilisiyə iki qatar yola düşəcək".
Qurban Nəzərov yeni il bayramı münasibətilə dekabrın 29-dan Bakıdan Tbilisiyə xüsusi “turist qatarı”nın çıxacağını da deyib.
Qurban Nəzərov deyib ki, Azərbaycanın dəmir yolunda sərnişindaşıma tariflərinin dəyişdirilməsi gözlənilmir. Dəmir yolu kənarındakı evlərin sökülməsinə gəlincə, qurum rəsmisi bildirib ki, bu işlərə yalnız Dövlət Proqramı qəbul edildikdən sonra başlanacaq.