Əbülfəs Qarayev: ""Sovetski"dəki ev muzeyləri sökülməyəcək"
APA TV-nin məlumatına görə, bunu mədəniyyət və turizm naziri Әbülfəs Qarayev "Sovetski"də tarixi abidələrin sökülüb-sökülməyəcəyi məsələsinə aydınlıq gətirərkən deyib: "Bu binalar bu gün müasir baxışdan çox da tarixi və ya memarlıq əhəmiyyəti daşımır. Elə binalar var ki, onların da əhəmiyyəti o qədər çox deyil. Amma onların üzərində xüsusi memarlıq bəzəkləri var. Həmin binalar da məhz o bəzəklərə görə bu siyahıya salınıb".
Әbülfəs Qarayev əlavə edib ki, həmin ərazidə Cəlil Məmmədqulizadə, Abdulla Şaiqin və digər görkəmli şəxsiyyətlərin ev muzeyləri var. Həmin muzeylər sökülməyəcək. Əksinə bu binalar muzey kimi fəaliyyətlərini davam etdirəcək: "Ola bilər ki, onlar tarixi abidə kimi o qədər əhəmiyyətli deyil. Amma muzey olduqları üçün yerində qalacaq".
Nazir bildirib ki, əhəmiyyətinə görə ikinci dərəcəli hesab edilən təxminən 30-a yaxın bina tarixi memarlıq abidəsi kimi qorunub saxlanılacaq.