Azərbaycan prezidenti Heydər məscidinin açılışına qatılıb

Dekabrın 26-da Bakıda Heydər məscidinin açılışı olub. Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri mərasimdə iştirak ediblər. Dövlət başçısının tapşırığı ilə inşa olunan bu yeni məscid 12 min kvadratmetr sahədə salınıb. Məscidin fasadı Şirvan-Abşeron memarlıq üslubunda xüsusi daşlarla üzlənib, ornamentlərin zənginliyi fasadda xüsusi arxitektura harmoniyası yaradıb. Burada 95 metr hündürlüyündə 4 minarə inşa olunub.

 

Prezident İlham Əliyev mərasimdə çıxış edərək ölkəmizin həyatında əlamətdar və tarixi hadisə olan Heydər məscidinin açılışı münasibətilə təbriklərini çatdırıb. Tədbirdə Şimali Qafqaz Müftilərinin Əlaqələndirmə Şurasının sədri, Rusiya Federasiyası Qaraçay-Çərkəz müftisi İsmayıl Berdiyev, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının rəhbəri Aleksandr, Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev, Qafqaz Müsəlmanları İdarəsinin Rusiya Federasiyasındakı səlahiyyətli nümayəndəsi Şafik Pşixaçev və Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə də çıxış ediblər.

 

Sonda ulu öndər Heydər Əliyevin və xanımı Zərifə Əliyevanın, o cümlədən Vətən uğrunda şəhid olanların ruhuna fatihə verilib.

 

Sonra prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri Fəxri xiyabanda Heydər Əliyevin və akademik Zərifə Əliyevanın da məzarını ziyarət ediblər.

Müəllif | Apa.Tv
Apa.tv