3 bələdiyyə üzrə seçki məntəqələrində səslər təkrar sayılacaq - QƏRAR
Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında 23 dekabrda keçirilmiş bələdiyyə seçkiləri ilə bağlı daxil olmuş müraciətlərə baxılıb. Komissiya 3 bələdiyyə üzrə seçki məntəqələrində səslərin təkrar sayılması barədə qərar qəbul edib. Belə ki, MSK 72 saylı Yardımlı-Masallı Seçki Dairəsində Şıxlar bələdiyyəsi üzrə 81 və 82 saylı seçki məntəqələrində, 92 saylı Zərdab-Ucar Seçki Dairəsində Körpü kənd bələdiyyəsi üzrə seçki məntəqələrində, 107 saylı Qazax Seçki Dairəsində Birinci Şıxlı kənd bələdiyyəsi üzrə məntəqələrdə səslərin təkrar hesablanması barədə qərar qəbul edib. Namizədlərin şikayətlərindəki digər məqamların isə müvafiq DSK-larda araşdırılması zəruri sayılıb. 82 saylı Ağcabədi Seçki Dairəsində Şənlik kənd bələdiyyəsi üzrə bəzi məntəqələrdə seçki protokollarının saxtalaşdırılması barədə iddia da baxılması üçün müvafiq DSK-ya göndərilib. APA TV-nin xəbərinə görə, bundan əlavə seçki məntəqələrində namizədlərin qanun pozuntularının aradan qaldırılması, nəticələrin ləğvi, səslərin yenidən sayılması və protokolların namizədlərə verilməsi barədə müraciətlərinin baxılması üçün müvafiq dairə seçki komissiyalarına göndərilməsi barədə qərarlar qəbul edilib.