Cəlilabadda bir uşaq atası qətlə yetirildi

Cəlilabad rayonunda qətl hadisəsi baş verib. APA TV-nin Cənub bürosunun məlumatına görə, hadisə ötən axşam rayonun Uzuntəpə kəndindəki “Stansiya” adlanan ərazidə qeydə alınıb. Kənd sakini, 18 yaşlı Fərhad Abbasov şəxsi münaqişə zəminində həmkəndlisi və qonşusu, 22 yaşlı Seymur Əliyevə bıçaqla ağır bədən xəsarətləri yetirib. Yaralı təcili yardım maşını ilə dərhal Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq yaralının həyatını xilas etmək mümkün olmayıb.

Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Fərhad Abbasov saxlanılaraq istintaq orqanlarına təhvil verilib. Qeyd edək ki, qətlə yetirilən Seymur Əliyev bir övlad atası olub. Onun qatili Fərhad Abbasov isə 2015-ci ilin yanvarında hərbi xidmətə çağırılıbmış. 

Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
 

Müəllif | Apa.Tv