Qubada qaydaları pozan sürücülər cəzalandırıldı - REYD
Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi Quba rayonunda reyd keçirib.
APA TV-nin yerli bürosunun xəbərinə görə, həyata keçirilən tədbirlər zamanı avtomobillərin texniki vəziyyətinə qanundankənar müdaxilə edən, nəqliyyat vasitələrinin ön, arxa, habelə yan şüşələrində görməni məhdudlaşdıran vasitələr quraşdıran, sürücülük hüququ olmadan, içkili vəziyyətdə avtomobil idarə edən sürücülər müəyyən edilərək barələrində müvafiq tədbirlər görülüb. Reyd zamanı yol polisi əməkdaşlarının qanuni tələblərinə əməl etməyən sürücüyə də rast gəlinib. Reydlərdə iştirak edən Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti şöbəsinin rəisi, polkovnik Ərəstun Məcidov bildirib ki, Daxili İşlər Nazirliyinin rəhbərliyinin göstərişinə əsasən yol polisi əməkdaşları tərəfindən hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə keçirilən tədbirlərin əsas məqsədi zamanı yol nəqliyyat hadisələrinin baş verməsinə bilavasitə səbəb ola biləcək qayda pozuntuları aşkar etməkdir. Ərəstun Məcidov bildirib ki, reydlər davam etdiriləcək.