Dünyanın tanınmış “qanuni oğru” ları Moskvaya toplaşır

Keçmiş sovet respublikalarından və Avropa ölkələrindən "qanuni oğrular" Rusiya paytaxtına toplaşırlar. Kriminal aləmin "generalları"nın Moskvada son illərin ən böyük toplantısında iştirakı gözlənilir. APA TV-nin “vesti.az” saytına istinadən verdiyi məlumata görə, artıq "qanuni oğrular"ın 10-a yaxın nümayəndəsi Moskvadadır. Onların arasında "Dato" ləqəbli David Sebiskveradzenin olduğu bildirilir. Gürcü mənşəli şəxs bir neçə ildir Yunanıstanda yaşayır və Avropanın mafioz qruplarının qara işlərini həyata keçirir. Rusiya paytaxtına gələn başqa bir gürcü - Vaja Biqanişvilinin də Aropada yaşadığı, bununla yanaşı Qazaxıstandakı kriminal qruplaşmaları nəzarətində saxladığı və onların Avropa ilə təmaslarını təşkil etdiyi deyilir. "Kriminal avtoritetlər"in "oğru qanunları"na riayət etməyən şəxslərlə görüşəcəkləri barədə xəbərlər də var. Görüşün Yeni İl bayramına qədər baş tutacağı bildirilsə də, dəqiq vaxtı barədə məlumat verilmir. Toplantının keçirilməsi təklifini rus mafiyasının başçısı "Şakro molodoy" ləqəbli Zaxariy Kalaşov verib. Kalaşovun bu toplantını mafioz qrupların öz aralarında yaşanan konfliktlərə və "ipə-sapa yatmayan" şəxslərlə məsələyə aydınlıq gətirmək üçün keçirmək istədiyi deyilir. Görüşün nəticələri barədə xüsusi məktubların - "malyava"ların hazırlanacağı və bu məktubların həbsxanalara yollanacağı bildirilir. Məktubları 100-dən çox "qanuni oğru" imzalayacaq. Burada məqsəd isə qoyulacaq yeni "qanunlar"a kriminal aləmdə heç kəsin şübhə ilə yanaşmamasıdır.

Müəllif | Apa.Tv
Apa.tv