Heydər Əsədov: “Azərbaycandan Rusiyaya məhsul ixracında azalma var”

 

Son bir neçə gün ərzində Azərbaycandan kənd təsərrüfatı məhsullarının Rusiyaya ixracında azalma müşahidə olunur. APA TV-nin məlumatına görə, bu barədə Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov bildirib. Onun sözlərinə görə, buna səbəb Rusiyada rublun ucuzlaşmasıdır.

“Çünki, istehsalçılar belə vəziyyətdə məhsullarını yerli valyutanın sabit olmadığı yerlərdə satışa çıxarmaq istəmirlər. Bu vəziyyət ölkəmizdə yerli bazarlarda qiymətlərin ucuzlaşmasına səbəb olub. İxracın azalması kimi meyllər olsa da, burada ciddi təhlükə yoxdur”.

Nazir bildirib ki, Azərbaycan kənd təsərrüfatı istehsalçılarının Rusiya bazarlarında möhkəmlənmiş yerləri və sabit kanalları var və bu azalma təhlükəli həddə deyil.

İlin əvvəlindən Rusiyaya kənd təsərrüfatı məhsullarının ixracının həcmi dəyər ifadəsində 17% artıb. Amma Rusiyadakı son vəziyyət Azərbaycan məhsullarının bu bazara ixracına marağı azaldıb. Bu gün rublun dəyəri kəskin olaraq dəyişir. Belə bir şəraitdə kənd təsərrüfatı məhsullarının ixrac edilməsi, sabah bazarda hansı qiymətlərlə satılacağını bilmədən bazara çıxardılması müəyyən risklər yaradır”:

Qeyd edək ki, Rusiya gələn ildən karantin nəzarətində olan məhsulların Azərbaycan da daxil olmaqla, bir neçə ölkədən idxalına qadağa qoyub.

Müəllif | Apa.Tv