Rusiyanın taxıl idxalına qoyduğu qadağa Azərbaycan bazarına təsir göstərməyəcək - AÇIQLAMA

Rusiya taxıl üçün nəzərdə tutduğu və proqnozlaşdırdığı ixrac imkanlarının 90 faizini artıq istifadə edib. APA TV-nin xəbərinə görə, bunu kənd təsərrüfatı naziri Heydər Əsədov Rusiyanın taxıl ixracına qoyduğu qadağaya münasibət bildirərkən deyib. 

Onun sözlərinə görə, bu qadağa Azərbaycan bazarına təsir göstərməyəcək: “Biz daim beynəlxalq prosesləri araşdırırıq. Həm Avropa bazarında, həm də Amerika bazarlarındakı qiymətləri izləyirik. Bu il dünya üzrə taxıl ehtiyatının həcmi 7 milyon ton artıb. Bu rəqəm taxılla bağlı ciddi bir narahatlığın olmadığını göstərir”.

Nazir deyib ki, ötən il dünyada taxıl ehtiyatı 30 milyon ton artıb ki, bu da qiymətin düşməsinə səbəb olub. Bu ilin sonunda yenidən dünyada taxıl ehtiyatı artıb. Azərbaycanın istənilən bazarla əməkdaşlıq etmək imkanları var və dünya taxıl ehtiyatının azalmaması fonunda qiymətlərin artacağı gözlənilmir. Bununla belə, nazir əlavə edib ki, gələcəkdə taxıl qıtlığı və qiymət artımından sığortalanmaq üçün dövlət öz taxıl ehtiyatını artırmaq niyyətindədir: “Artıq Kənd Təsərrüfatı, İqtisadiyyat və Sənaye, eləcə də Fövqəladə Hallar Nazirlikləri bununla bağlı hökumətə təkliflər verib. Yaxın dövrdə hökumət taxıl ehtiyatının 500 min tondan 700-750 min tona qədər qaldırılması ilə bağlı qərar verəcək. Bu da əhalinin 6 aylıq taxıl və un məhsullarına olan tələbatının ödənilməsinə imkan verəcək”. 

"Bizim taxıl ehtiyatlarımız kifayət qədərdir və dünyada baş verən proseslər bizə heç bir qorxulu və riskli şərait vəd etmir" deyən nazir əhalini narahat olmamağa çağıraraq proseslərin tam nəzarət altında olduğunu bildirib. 
 

Müəllif | Apa.Tv
Apa.tv