Gələn il Bərdə, Qəbələ və Masallıda “ASAN Xidmət” mərkəzləri açılacaq

"2015-ci ildə Bərdədə, Qəbələdə və Masallıda yeni "ASAN Xidmət" mərkəzlərinin açılması nəzərdə tutulur. Bu mərkəzlər açılandan sonra vətəndaşlarımız bütün Azərbaycan üzrə ərazi məhdudiyyəti olmadan istədikləri "ASAN Xidmət" mərkəzinə müraciət edə biləcəklər". 

Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov “İnnovativ idarəetmə məktəbi”nin açılışında bildirib. Məktəb "ASAN Xidmət"in “ASAN School” könüllülük proqramı çərçivəsində Dövlət İdarəçilik Akademiyası ilə birgə layihəsi əsasında təşkil olunub. 

APA TV-nin xəbərinə görə, 4 ay ərzində “İnnovativ idarəetmə məktəbi” çərçivəsində təşkil ediləcək müxtəlif təlim, tədbir və görüşlərdə könüllülər ölkənin bir sıra tanınmış ictimai-siyasi, elm və mədəniyyət xadimləri ilə görüşmək imkanı əldə edəcəklər. Məktəbi bitirənlərə sertifikat veriləcək. 

"Könüllülərimizə həm "ASAN Xidmət"ində fəaliyyət çərçivəsində, həmçinin digər dövlət orqanlarında könüllük fəaliyyətini keçdiyi zaman “İnnovativ idarəetmə məktəbi” çərçivəsində müasir biliklər, innovativ biliklər öyrədiləcək. Biz bu mərhələnin təqdimat mərasimindəyik".

Tədbirdə çıxış edən Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov və digər şəxslər layihənin vətəndaşlara xidmətdə və "ASAN könüllüləri"nin həyatında oynayacağı müsbət roldan danışıblar.
 

Müəllif | Apa.Tv
Elvin Bayramlı