Qusarda təbii fəlakətdən zərər çəkən sakinlərə yeni evlər verilib

Qusarda torpaq sürüşməsi nəticəsində evləri qəzalı vəziyyətə düşən sakinlər üçün yeni evlər istifadəyə verilib. APA TV-nin məlumatına görə, 2008-ci ilin iyulun 8-də Qusar rayonunun Sudur inzibati ərazi dairəsinə daxil olan Qənərçay kəndində baş verən torpaq sürüşməsi nəticəsində evləri qəzalı vəziyyətə düşən sakinlər üçün Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən yeni yaşayış evləri tikilib. İnşası başa çatan 16 fərdi yaşayış evi bu gün sakinlərin istifadəsinə verilib. Açılış mərasimində çıxış edən Qusar rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahid Fərəməzov sakinləri yeni inşa edilən evlərin istifadəyə verilməsi münasibətilə təbrik edib. FHN-nin Şimal Regional Mərkəzinin rəisi Şahin İsrafilov kəndin dəniz səviyyəsindən 1900 metr yüksəklikdə yerləşdiyi üçün tikinti zamanı bəzi çətinliklərin yarandığını bildirib. Onun sözlərinə görə, buna baxmayaraq FHN tərəfindən tikinti işləri yüksək səviyyədə həyata keçirilib və yaşayış evləri müasir tələblərə cavab verir. 
 

Qusarın Urva kəndində də torpaq sürüşməsi nəticəsində qəzalı vəziyyətə düşən sakinlər üçün də yeni evlər tikilib və yaxın günlərdə istifadə veriləcək. İstifadə verilən yaşayış evlərindən 7-i 2 otaqlı, 7-i 3 otaqlı, 1-i 4, 1-i isə 5 otaqlıdır. Tikilən 16 evlə yanaşı, hər vətəndaş üçün 6 sot torpaq sahəsi də ayrılıb.
 

Müəllif | Apa.Tv
Vəli Turan