Bakıda motosiklet ABŞ səfirliyinin maşınına çırpıldı, 19 yaşlı qız öldü

Bakının Nəsimi rayonu ərasizində ölümlə nəticələnən yol qəzası baş verib. APA TV-nin məlumatına görə, hadisə Azadlıq prospektində, ABŞ-ın Azərbaycandakı səfirliyinin binası qarşısında qeydə alınıb. "Zontes" markalı motosiklet səfirliyin həyətinə girən və ABŞ səfirliyinə məxsus “Chevrolet” markalı avtomobilə çırpılıb. Qəza nəticəsində motosikletdəki sərnişin, 19 yaşlı Abdullayeva Nərmin Rasim qızı hadisə yerində ölüb, sürücü 21 yaşlı Qurbanlı Hüseyn Qurban oğlu isə ağır bədən xəsarətləri alıb. Sürücü dərhal Kliniki Tibbi Mərkəzə çatdırılıb. Həlak olan Nərmin Abdullayevanın meyiti isə “Chevrolet” markalı avtomobilin altında qalıb. Meyitin çıxarılması üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb ediliblər. Xilasedicilər avtomobilin altında sıxışıb qalan cəsədi çıxararaq, aidiyyəti üzrə təhvil veriblər.

 

Qəzanın səbəblərinə gəlincə, ilkin ehtimala görə, iki motosiklet Azadlıq prospektində ötüşürmüş. Qəza motosikletlərin bir-birinə dəyməsi nəticəsində baş verib.

 

Motosikletlərdən biri idarəetmənin itirilməsi nəticəsində səfirliyin maşınına çırpılıb, digəri isə hadisə yerini tərk edib.

 

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.

 

 

Müəllif | Apa.Tv