Adriatik dənizində yanan gəmidən 150 nəfər xilas edilib

Yunanıstanın Patra Limanından İtaliyaya səfər edən gəmidə yanğın baş verib. APA TV-nin verdiyi xəbərə görə, "Norman Atlantic" gəmisində 422 nəfər sərnişin və 56 nəfər heyət üzvü olub. Adriatik Dənizində üzən gəmidə baş vermiş yanğının səbəbi hələlik məlum deyil.

Yunanıstanın apardığı xilasetmə əməliyyatı nəticəsində sərnişinlərdən 150 nəfərə qədəri təxliyə edilib. Hələlik ölən və yaralananın olmadığı, hava şəraitinin xilasetmə əməliyyatına mane olduğu bildirilir. Gəminin yük hissəsində tonlarla zeytun yağı və 200 maşın olduğu da bildirilir.

Gəmidə İtaliya, Almaniya, Yunanıstan və Misir vətəndaşlarının çoxluq təşkil etdiyi qeyd olunub. Anadolu Agentliyi isə gəmidəkilərdən 54 nəfərinin Türkiyə vətəndaşı olduğunu yazıb. Xilas olunan Aylin Akamaç agentliyin müxbirinə "Yunanıstan və İtaliya xilasediciləri əvvəlcə öz vətəndaşlarını xilas edir", deyə bildirib.

Hazırda "Norman Atlantic"də xilasetmə işlərinin aparıldığı, gəmidə 250-dən artıq sərnişinin olduğu qeyd olunur.

 

Müəllif | Apa.Tv
Apa.tv