Azərbaycan prezidenti Nərimanov rayonunda yeni salınan parkda olub

Dekabrın 29-da Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakının Nərimanov rayonunun Koroğlu Rəhimov küçəsində yeni salınan istirahət parkında yaradılan şəraitlə tanış olublar.

Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev parkın tikintisi ilə bağlı dövlətimizin başçısına məlumat verib.

 

Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq,əhalinin istirahətini təmin etmək və abadlıq-yaşıllıq işlərinin aparılması məqsədilə Nərimanov rayonu Koroğlu Rəhimov küçəsi 3a ünvanında hazırda son tamamlama işləri aparılan 7 mərtəbəli yaşayış binasının qarşısındakı ərazidə yeni istirahət parkı salınıb. Birinci mərhələdə akademik Həsən Əliyev, Əlövsət Əbdülrəhimov və Koroğlu Rəhimov ünvanlarındakı istismar müddəti başa çatmış yaşayış binalarının sakinləri müasir tipli yeni binalara köçürülüblər. Sökülən binaların yerində isə parkın birinci hissəsi salınaraq sakinlərin istifadəsinə verilib. Layihənin ikinci mərhələsində Fətəli xan Xoyski və Koroğlu Rəhimov küçələrində yerləşən 2 yaşayış binasının sakinləri Atatürk prospektində yeni inşa olunan binalara köçürülüblər. Koroğlu Rəhimov küçəsi 3a ünvanında yeni tikilən yaşayış binasının qarşısında sakinlərin istirahəti və asudə vaxtlarının səmərəli təşkili üçün 3 hektardan artıq ərazidə ikinci park salınıb. Yeni salınan parkda sakinlərin mənalı istirahəti və asudə vaxtlarının səmərəli təşkili üçün hər cür şərait var.

Parkın altında ikimərtəbəli avtomobil dayanacağı da inşa edilib. Yeraltı dayanacağa enmək üçün iki lift və müasir eskalatorlar quraşdırılıb.

 

Prezident və xanımı burada yaradılan şəraitlə də tanış oldular. 650 avtomobil tutumuna malik yeraltı dayanacaq “Safe Life” şirkəti tərəfindən ən müasir texniki avadanlıqla təchiz olunub. 

Müəllif | Apa.Tv
Apa.tv