Müdafiə Nazirliyinin həbs olunmuş sabiq idarə rəisi azadlığa buraxıldı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirləndirilən Müdafiə Nazirliyinin Elmi-Tədqiqat Mərkəzinin sabiq rəisi Elçin Xəlilovun cinayət işi üzrə məhkəmə prosesinə start verilib. Hakim Əhməd Quliyevin sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Təqsirləndirilən şəxs və vəkilləri ittiham olunan şəxsin barəsində seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi ilə bağlı vəsadət ilə çıxış ediblər. Vəsadət təmin olunub. Elçin Xəlilovun məhkəmə baxışı dövründə ev dustaqlığında qalması qərara alınıb. Məhkəməyə baxışı yanvarın 8-ə təyin olunub. Qeyd edək ki, bu il aprelin 26-da Müdafiə Nazirliyinin Elmi-Tədqiqat Mərkəzinin sabiq rəisi Elçin Xəlilov həbs edilib. Bakı Hərbi Məhkəməsindən APA-ya verilən məlumata görə, E. Xəlilov Cinayət Məcəlləsinin 308.2. və 179.3.2. maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək Respublika Hərbi Prokurorluğunun təqdimatı əsasında barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib. Bildirilib ki, Respublika Hərbi Prokurorluğu tərəfindən aparılan yoxlama nəticəsində Müdafiə Nazirliyinin Elmi-Tədqiqat Mərkəzinin sabiq rəisi Elçin Xəlilovun işlədiyi müddətdə ciddi qanun pozuntularına yol verməsi aşkar edilib. Müəyyən olunmuş qanun pozuntuları ilə bağlı Respublika Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 308.2. və 341.1. maddələri ilə cinayət işi başlanıb. Aparılmış istintaqla müəyyən edilib ki, Elçin Xəlilov Müdafiə Nazirliyinin Elmi-Tədqiqat Mərkəzinə rəhbərlik etdiyi müddət ərzində vəzifə səlahiyyətlərini aşmaqla külli miqdarda dövlət əmlakını talayıb. Hazırda həmin cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

Müəllif | Apa.Tv
Apa.tv