Əfv sərəncamının icrası başa çatdı
Azərbaycan prezidentinin imzaladığı əfv sərəncamı icra olunub. Sərəncamın şamil edildiyi 5 məhkum 14 saylı, 9 nəfər isə 13 saylı cəzaçəkmə müəssisəsindən azad edilib. APA TV-nin xəbərinə görə, 14 saylı cəzaçəkmə müəssisəsində keçirilən tədbirdə çıxış edən Penitensiar Xidmətinin rəis müavini Rafiq Ramazanov bildirib ki, indiyədək 58 əfv fərmanı imzalanıb və nəticədə 6025 nəfər azadlığa qovuşub.
Sonra müəssisədə cəza çəkən Qurban Məmmədov, Sərdar Əlibəyli, Anton Başkov, Pərviz Abuşov və Azad Bəşirov azadlığa buraxılıblar. Sərdar Əlibəyli və Anton Başkov ölkə başçısına təşəkkür ediblər.
13 saylı cəzaçəkmə müəssisəsində də 9 məhkuma buraxılış vərəqəsi təqdim olunub. Əfv olunan Emin Hüseynov bu barədə axşam saatlarında xəbər tutduğunu deyib: "Axşam müəssisə rəhbəri dedi. Hansı hisslər keçirdiyimi demək çox çətindir. Çox qəribə hisslər yaşadım. İnsan gərək azadlığın qədrini bilsin".
Əfv sərəncamının icrası prosesində Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin məsul şəxsləri ilə yanaşı, baş nazirin müavini Abid Şərifov da iştirak edib. Qeyd edək ki, dekabrın 29-da Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalayıb. Sərəncam 87 məhkuma şamil olunub. Onlardan 79 nəfər cəzalarının çəkilməmiş hissəsindən azad edilib. İslah işləri cəzasına məhkum edilmiş 3, cərimə cəzasına məhkum edilmiş 4 nəfər cəzadan azad olunub. Əfv olunanlar arasında NİDA hərəkatının üzvləri, jurnalistlər də var.