Yanvar ayının HAVA PROQNOZU açıqlandı

Azərbaycan ərazisində 2015-ci ilin yanvar ayına olan hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən məlumata görə, yanvar ayının ilk günlərində hava şəraitinin soyuq və yağıntılı olacağı gözlənilir. Ayın birinci yarısında havanın temperaturu iqlim normasına yaxın, bəzi günlərdə bir qədər yüksək olacağı, ikinci ongünlüyün sonunda və üçüncü ongünlükdə hava  şəraitinin soyuq keçəcəyi, temperaturun iqlim normasından aşağı olacağı ehtimal olunur. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə iqlim normasından bir qədər çox olacağı gözlənilir. Bakı və Abşeron yarımadasında orta aylıq temperaturun 3-5 dərəcə isti (gecələr 1-5 dərəcə isti, üçüncü ongünlüyün bəzi günlərində 2-7 dərəcə şaxta, gündüzlər 5-10 dərəcə isti, bəzi günlərdə 14 dərəcəyədək isti, ayın üçüncü ongünlüyündə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Ayın üçüncü ongünlüyündə orta sutkalıq temperatur 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti təşkil edəcək. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacaq.

Müəllif | Apa.Tv
Apa.tv