Astarada qəzaya uğrayan avtomobil ikiyə bölündü
Astara rayonunda ağır yol qəzası qəzası baş verib. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə Ələt-Astara magistralının rayonun Pensər kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Astara rayon sakini, 22 yaşlı Emil İbadovun idarə etdiyi “VAZ-2106” markalı minik avtomobili hərəkətdə olarkən qəfildən idarəetmənin itiriləsi nəticəsində əvvəlcə yolun kənarındakı ağaca, daha sonra Astara rayonunun Siyəkü kənd sakini, 38 yaşlı İlqar Əhmədova məxsus “Qazel” markalı hərəkətsiz dayanmış yük maşınına çırpılıb. Güclü zərbənin təsirindən “VAZ-2106” markalı avtomobil iki yerə bölünüb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü Emil İbadov hadisə şahidlərinin köməyi ilə avtomobildən çıxarılaraq Lənkəran Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Xəstəxanadan verilən məlumata görə, sağ baldır sümüyünün sınığı diaqnozu ilə sürücüyə müvafiq ilkin tibbi yardım edildikdən sonra Bakıdakı xəstəxanalardan birinə yola salınıb.
Qəza zamanı həmçinin “Qazel” markalı maşına da ciddi ziyan dəyib.
İlkin versiya kimi hadisənin “VAZ-2106” markalı minik avtomobilinin sürət həddini aşması səbəbindən baş verdiyi bildirilir. Qəzanın dəqiq başvermə səbəbləri isə aparılmış avtotexniki ekspertizanın verəcəyi rəydən sonra məlum olacaq.
Faktla bağlı Astara Rayon Polis Şöbəsində araşdırmalara başlanıb.