Salyanda dəhşətli yol qəzası: 3 ölü, 1 yaralı
Salyan rayonunda 3 nəfərin ölümü, 1 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat-hadisəsi baş verib. APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, dəhşətli hadisə Ələt-Astara magistral yolunun 25-ci kilometrliyində, Salyan rayonunun Xıdırlı kəndi ərazisində qeydə alınıb. Salyan şəhər sakini, 25 yaşlı Orxan Nəzərov idarə etdiyi "Mercedes" markalı minik maşını ilə Astara istiqamətində hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə yolun kənarına aşan avtomobil bir-neçə dəfə yuvarlanıb. Qəza zamanı avtomobili idarə edən Orxan Nəzərov, həmyerlisi, 29 yaşlı Ramin Sadıqov hadisə yerində ölüb. Maşındakı digər sərnişınlər - Salyan sakinləri 28 yaşlı Ülvi Sadıqov və İlkin İmanov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən meyitlər və yaralılar avtomobildən çıxarılıb.
Yaralılar Salyan rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, İlkin İmanovun həyatını xilas etmək mümkün olmayıb. O, bir neçə saat sonra xəstəxananın reanimasiya şöbəsində dünyasını dəyişib.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində araşdırma aparılır.