İstanbulda Dolmabağça sarayına silahlı hücum olub
Türkiyənin İstanbul şəhərində Dolmabağça sarayına silahlı hücum olub. APA TV-nin xəbərinə görə, qapıda növbə çəkən polis əməkdaşlarına yaxınlaşan şəxs qumbara atıb. Amma qumbara partlamayıb və o, polis əməkdaşlarına atəş açmağa çalışıb. Polis əməkdaşları buna imkan verməyiblər və basqınçı zərərsizləşdirilib.
Hadisə yerinə çağırılan mütəxəssislər partlamamış qumbaranı da zərəriszləşdiriblər. Qanunsuz solçu təşkilatın üzvü olduğu bildirilən şəxs İstanbul Terrorla Mübarizə Şöbəsinə aparılıb. İstanbul polisinin yaydığı açıqlamaya görə, saxlanılan şəxsin üzərindən 1 ədəd avtomatik silah, 2 ədəd qumbara və 1 ədəd tapança aşkarlanıb.
İstanbulun təhlükəsizlik xidmətinin rəsi Səlami Altınok hücumu həyata keçirlən şəxsin terror təşkilatının üzvü olduğu bəyan edib.
Həbs olunan şəxsin təqribən 30 yaşı var, adı Fıratdır. O, 2003-2006-cı illərdə həbsxanada olub.
Saraya basqın edən şəxs həkim müayinəsindən keçirilməsi üçün xəstəxanaya aparılarkən müxtəlif şüarlar səsləndirib.
Hadisədən sonra İstanbulda əhəmiyyətli binaların mühafizəsi gücləndirilib, polis əməkdaşlarına zirehli jiletlərin paylanması barədə göstəriş verilib.