Neft Akademiyasının rektoru Siyavuş Qarayev vəfat edib
Azərbaycan Dövlət Neft Akademiyasının rektoru, üzvi kimya sahəsində görkəmli alim, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, kimya elmləri doktoru Siyavuş Qarayev dünyasını dəyişib. Rektor yanvarın 1-də gecə saatlarında vəfat edib.
APA TV-nin xəbərinə görə, Siyavuş Qarayev 30 aprel 1942-ci ildə Azərbaycanın Samux rayonunda anadan olub. O, 1959-cu ildə Gəncə şəhərində orta məktəbi bitirib və həmin ildə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsinə daxil olub.
Siyavuş Qarayev Beynəlxalq Elmlər Akademiyasının və Beynəlxalq Ekoenergetika Akademiyasının akademiki, Nyu-York Elmlər Akademiyasının, Beynəlxalq Mühəndislik Akademiyasının və Azərbaycan Mühəndislik Akademiyasının həqiqi üzvü, Çin Neft Universitetinin fəxri professoru olub S. Qarayev 550-ə yaxın elmi əsərlərin müəllifidir, 70-dən çox beynəlxalq və regional elmi konfrans və simpoziumlarda məruzə edib.
Akademik S. Qarayev SSRİ neft-kimya və neftayırma sənayesi əlaçısı, SSRİ-nin fəxri kimyaçısı, Azərbaycanın əməkdar elm xadimi adlarına layiq görülüb.
S. Qarayev bu gün 2-ci Fəxri Xiyabanda dəfn olunub.