"28 Mall" ticarət mərkəzində yanğın - REAL GÖRÜNTÜ
Ötən gecə Bakının Nəsimi rayonunda yerləşən "28 Mall" ticarət mərkəzində yanğın baş verib. APA TV-nin məlumatına görə, yanğın ticarət mərkəzinin üst mərtəbəsində qeyd alınıb. Qəfil baş verən yanğınla bağlı Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat verilib. Dərhal hadisə yerinə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin Nəsimi və Səbail yanğından mühafizə hissələrinin texnika və canlı qüvvəsi cəlb olunub.
Ticarət mərkəzinin yanğın baş verən mərtəbəsindən vətəndaşlar təxliyə olunublar. Tüstüdən zəhərlənmə ehtimalının yüksək ola biləcəyi nəzərə alınaraq əraziyə bir neçə təcili yardım maşını çağırılıb. Yanğınsöndürənlərin rahat işləməsi üçün Azadlıq prospektinin bu hissəsində nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılıb.
Yanğınsöndürənlərin səyi nəticəsində ticarət mərkəzinin üst mərtəbəsindən yüksələn alov tez bir zamanda söndürülüb. Yanğın zamanı xəsarət alan olmayıb. FHN yanğınla bağlı rəsmi məlumat yayıb. Məlumatda deyilir ki, yanğın ticarət mərkəzinin 4-cü mərtəbəsində vətəndaş tərəfindən icarəyə götürülmüş kafenin mətbəxində baş verib. Nəticədə kafenin dam örtüyündə quraşdırılmış ventilyasiya qurğusu və 6 paqonometr izolyasiyası yanıb. Yanğından inzibati bina və soyuducu kamera mühafizə olunub.