Şamaxıda yük maşını "Mercedes"in üstünə aşdı: 6 ölü, 1 yaralı
Bakı-Şamaxı-Yevlax avtomobil yolunda 6 nəfərin ölümü, bir nəfərin ağır xəsarət alması ilə nəticələnən dəhşətli avtomobil qəzası baş verib. APA TV-nin yerli bürosunun xəbərinə görə, zəncirvari qəza yolun 105-ci kilometrliyində, Şamaxının Acıdərə adlanan ərazisində qeydə alınıb. Ağsu sakini 25 yaşlı Əliyev Elmin Elşad oğlunun idarə etdiyi “Mercedes” markalı minik maşını qarşı tərəfdən gələn və Sabirabad sakini, 58 yaşlı Ağayev Vaqif Xudamirzə oğlunun idarə etdiyi “HOVA” markalı yük maşını ilə toqquşub. Zərbənin təsiri nəticəsində yük maşını minik avtomobilinin üstünə aşıb. Toqquşan avtomobillər qarşı tərəfdən gələn Qəbələ sakini, 38 yaşlı Allahverdiyev Ramil Fikrət oğluna məxsus “Mercedes” markalı minik maşınına çırpılıb. Hadisə nəticəsində toqquşan yük və minik avtomobillərinin sürücüləri, eləcə də minik maşının sürücüsü Elmin Əliyevin bacısı, 27 yaşlı Əliyeva Əntiqə Elşad qızı, sərnişinlər- Gədəbəy sakini 13 yaşlı Əliyev Fərid Nemət oğlu, Bakı sakini, 27 yaşlı Abbasov Azər Eyvaz oğlu, Bakı sakini, 54 yaşlı Baxşəliyev Vaqif Paşa oğlu aldıqları ağır bədən xəsarətləri nəticəsində ölüblər. Digər “Mercedes”in sürücüsü Ramil Allahverdiyev ağır bədən xəsarətləri ilə Şamaxı Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. O, sonradan müalicə üçün Bakıya aparılıb.
Hadisə yerinə cəlb olunan FHN-nin Şamaxı Dövlət Yanğından Mühafizə Hissəsinin xilasediciləri xüsusi kəsici alətlər vasitəsilə avtomobildə sıxışıb qalan meyitləri və yaralıları çıxarıblar.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.