Cəlilabadda ağaca çırpılan avtomobil ikiyə bölündü: 2 ölü, 2 yaralı

Cəlilabadda ölümlə nəticələnən ağır yol qəzası baş verib. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə Ələt-Astara magistralının 116-cı kilometrliyində, yolun Cəlilabad şəhərindən keçən hissəsində qeydə alınıb. Sumqayıt şəhər sakini, 40 yaşlı Ziya Mahmudov idarə etdiyi "Mercedes" markalı minik avtomobili ilə Astara istiqamətində hərəkətdə olarkən qəfildən idarəetməni itirərək maşını yolun kənarındakı ağaca çırpıb. Güclü zərbədən iki yerə bölünən nəqliyyat vasitəsinin bir hissəsi təxminən 20 metr kənara düşüb. Hadisə zamanı sürücü və hələlik adı məlum olmayan bir nəfər azyaşlı hadisə yerində ölüb. Maşındakı digər iki sərnişin - Masallı rayon sakinləri, 11 yaşlı Nihad Əkbərov və 44 yaşlı Şahin Mahmudov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

 

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri və təcili yardım maşını gəlib. Xilasedicilər tərəfindən maşında sıxılıb qalmış meyitlər çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Yaralılar isə dərhal Biləsuvar Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Burada onlara müvafiq  tibbi yardım göstərilib. Nihad Əkbərovun vəziyyəti ağır olduğundan Bakı şəhərindəki xəstəxanalardan birinə yola salınıb.

 

İlkin ehtimala görə, qəza avtomobilin yüksək sürətlə idarə olunması səbəbindən baş verib.

 

Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində araşdırma aparılır.

Müəllif | Apa.Tv