İran prezidentindən korrupsiya və inhisarçılıqla bağlı mühüm bəyanatlar
İran prezidenti Həsən Ruhani Tehranda keçirilən Milli İqtisadiyyat Konfransında mühüm bəyanatlar verib. APA TV-nini nəlumatına görə, o, bildirib ki, inhisarçılıq aradan qalxmasa, İranda rüşvət və iqtisadi problemlərin həlli mümkün deyil.
Həsən Ruhani deyib ki, bəzi məsələlərdə hakimiyyət daxili siyasətin həddindən artıq güclü təzyiqləri ilə üzləşir. Onun sözlərinə görə, inhisarçılıq olan ölkədə iqtisadiyyat inkişaf edə bilməz. İran prezidentinin fikrincə, iqtisadiyyat inhisarçılıqdan xilas olmalı, rəqabət şəraiti yaradılmalıdır.
"Bütün dövlət qurumları iqtisadi fəaliyyətlərini şəffaflaşdırmalıdırlar. Xalq rəqəmlər, statistika və iqtisadi planlar barədə məlumatları ala bilməlidir. Hər yerə kök salan rüşvətin qarşısını yalnız bu yolla almaq olar".
Həsən Ruhani bəyan edib ki, korrupsiya iqtisadi inkişafı ləngidir. Bununla belə, İran prezidenti deyib ki, istehlak məhsullarının ucuzlaşdırılması və inflyasiya səviyyəsinin aşağı salınması istiqamətində uğurlu addımlar atılıb. Onun fikrincə, 2015-ci ildə inflyasiya daha da azalacaq və son iki il ərzində ilk dəfə İran iqtisadiyyatında müsbət tepm müçahidə olunacaq.
Həsən Ruhaninin daha bir maraqlı bəyanatı ölkədə son 36 ildə ilk dəfə referendumun keçirilməsi ilə bağlı olub. Onun sözlərinə görə, Milli İqtisadiyyat Konfransında iştirak edən mütəxəssislər hökumətə müxtəlif həll yolları təklif etməlidirlər. İran prezidenti deyib ki, ölkə daxilindəki problemlərin həlli və inkişafla bağlı qərarlar parlamentdəki səsvermə ilə yox, referendum yolu ilə xalq tərəfindən qəbul edilə bilər. Həsən Ruhani İran hakimiyyətinin referendum keçirilməsinə müsbət yanaşdığını bildirib.