Avro dollara nisbətən rekord səviyyədə ucuzlaşıb

Avronun kursu dollara nisbətən 9 illik minimuma düşüb. APA TV-nin xəbərinə görə, bu gün ticarət əməliyyatları zamanı Avropa valyutasının kursu 1,2 faiz düşərək 1,1864 dollar olub. 2006-ci ildən indiyədək avro ilk dəfə bu qədər ucuzlaşıb.

Valyutanın dəyərinin düşməsinə səbəb kimi Yunanıstanın avrozonadan çıxmaq istəməsi və Litvanın daxil olması göstərilir.

Yunanıstan hökuməti avrozonadan çıxmaq istədiyini elan edib. "Der Spigel"in yazdığına görə, Almaniya artıq Yunanıstanın çıxmasına razılıq verib. Kansler Anqela Merkel və maliyyə naziri Volfqanq Şoyble özlərinin əvvəlki əks mövqelərinə baxmayaraq, hazırda bu qərarı məqbul hesab edirlər.

Almaniya hökumətinin fikrincə, müxalifət lideri Aleksis Tsiprasın hakimiyyətə gələcəyi təqdirdə Yunanıstanın avrozonadan çıxması qaçılmaz olacaq. Hazırda isə Yunanıstan avrozonadan çıxmaqla Avropa İttifaqının tərkibində necə qalması məsələsi müzakirə olunur. Ötən ay Yunanıstanın prezident seçmək cəhdi baş tutmadıqdan sonra növbəti seçki yanvarın 25-nə təyin edilib. Radikal solçu qüvvələrin koalisiyasının lideri Aleksis Tsiprasın bu seçkilərdə qalib gəlmə ehtimalı yüksəkdir.

Bu il yanvarın 1-dən Litva rəsmi şəkildə avroya keçərək avrozonanın 19-cu ölkəsi olub. Bununla da ölkə rəsmən milli valyutadan imtina edib. Banklarda olan Litva liti isə avtomatik olaraq avroya konvert olacaq.

Avropa parlamenti Litvanın avrozonaya daxil olmasını 2014-cü ilin iyulunda təsdiqləmişdi. 

Müəllif | Apa.Tv
Apa.tv